REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Quba, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 19-da Quba şəhərində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin Quba şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb.
Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda Quba, Qusar, Xaçmaz və Şabrandan olan vətəndaşların müraciətləri əsasən, daşınmaz əmlakın qeydiyyatı, mülkiyyət hüququnun əldə edilməsi qaydası, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları ilə bağlı olub. Həmçinin vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, dövlət əmlakının özəlləşdirilməsi də vətəndaşları maraqlandıran məsələlər sırasında yer alıb.
Qəbulda səsləndirilən vətəndaş müraciətlərini diqqətlə dinləyən komitə sədri bir sıra məsələlərin qanunvericilik çərçivəsində dərhal həll olunması üçün göstərişlərini verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndəriləcək. Vətəndaşların ünvanladığı bəzi araşdırılma tələb edən müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il sentyabrın 19-da imzaladığı Fərmana uyğun olaraq artıq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında aparılacaq. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, respublika üzrə mövcud kənd təsərrüfatı təyinatlı torpaqların düzgün idarəsinin təşkili ilə bağlı komitə bir sıra tədbirlər həyata keçirir. İcarəyə verilən bu kateqoriyadan olan torpaqların mühafizəsi, münbitliyinin qorunması, icarədarlar tərəfindən səmərəli istifadəsi komitənin diqqət mərkəzindədir.
Ölkə üzrə elektron kadastr sistemi barədə vətəndaşlara məlumat verən komitə sədri qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində 25 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb.
Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosesini optimallaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün müxtəlif bölgələr üzrə sosial aksiyalar təşkil olunur. Vətəndaşlara təklif olunan səyyar xidmətlərin keyfiyyətini yüksəltmək üçün bir sıra yeniliklər tətbiq edilir. Daha geniş mobil ofislərin prosesə cəlb edilməsi, yeni və müasir texnologiyanın istifadəsi ilə artıq operativ xidmətlər daha çox vətəndaş kütləsinə yönəlib.
Qəbul zamanı komitə sədri göstərilən xidmətlərdə şəffaflığın və əlçatanlığın təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.
Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.