RƏSMİ XRONİKA
ƏMMAN ŞƏHƏR MERİYASINDA GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Əmman şəhər meriyasına gəlmişdir.
Dövlətimizin başçısını binanın önündə paytaxtın meri Ömər əl-Məəni böyük hörmət və ehtiramla qarşıladı. Ömər əl-Məəni şəhərdə gedən tikinti, quruculuq və abadlıq işləri, eləcə də paytaxtın problemləri və digər məsələlər barədə Azərbaycan Prezidentinə məlumat verdi.
X X X
Görüşdən sonra şəhər meriyasının binasında paytaxtın əsas küçələrindən birinə “Heydər Əliyev prospekti” adının verilməsi münasibətilə mərasim keçirildi.
Əmmanın şərq hissəsində yeni salınmış Bədr rayonunda uzunluğu 6,5 kilometr olan əsas mərkəzi küçə bundan sonra xalqımızın ümummilli liderinin xatirəsinə “Heydər Əliyev prospekti” adlanacaqdır.
Ümumiyyətlə, Əmman şəhərinin sahəsi 1700 kvadratkilometrə çatmışdır ki, bu da Moskvanın sahəsindən 600 kvadratkilometrdən də çoxdur.
Mərasimi Əmman şəhərinin meri Ömər əl-Məəni açaraq, Azərbaycan Prezidenti İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini salamladı. O dedi ki, şəhər rəhbərliyi paytaxtın təhlükəsizliyinə, nəqliyyat sektoruna, infrastrukturuna, turizmin inkişafına xüsusi diqqət yetirir. Əmman ilə Bakı arasında dostluq və əməkdaşlıq haqqında sənədin imzalanması paytaxtlarımızın əlaqələrinin inkişafına kömək edəcəkdir. Ölkələrimizin münasibətlərinin inkişafında dahi şəxsiyyət Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bunu, habelə onun islam aləmindəki nüfuzunu, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsindəki rolunu nəzərə alaraq, Əmmanın yeni rayonundakı mərkəzi küçələrindən birinə “Heydər Əliyev prospekti” adı verilmişdir.
Sonra Əmman şəhərinin tarixi və bu günü, eləcə də ulu öndərin adı verilmiş prospektlə bağlı film göstərildi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi. Dövlətimizin başçısı İordaniya paytaxtında böyük bir prospektə ulu öndərin adının verilməsinə görə təşəkkürünü bildirdi, xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti barədə geniş məlumat verdi, onun islam aləmindəki nüfuzundan, İordaniya və Azərbaycan arasında münasibətlərin inkişafındakı xidmətlərindən danışdı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi.
Mərasimdə Prezident İlham Əliyevə meriyanın adından xatirə hədiyyəsi təqdim olundu.