İQTİSADİYYAT
Əmtəə ixracı azalıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Bu ilin altı ayında əmtəə ixracı 19.8 faiz azalaraq 15.2 milyard dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 13.4 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (13.4 milyard dollar) 8 milyard dolları xam neftin, 5 milyard dolları təbii qazın, 0.4 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2023-cü ilin 6 ayı üzrə qeyri-neft-qaz ixracı 23.3 faiz artaraq 1.7 milyard dollar olub.
2023-cü ilin 6 ayı üzrə əmtəə idxalı 30.4 faiz artaraq 7.7 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.1 milyard dollar olub, bunun da 1.0 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 18.2 faiz artaraq 5.7 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda minik avtomobillərinin (95.6 faiz), mebel məhsullarının (41.9 faiz), ətir və kosmetik vasitələrinin (41.8 faiz), tütün məhsullarının (40.9 faiz), sabun və yuyucu vasitələrinin (29.4 faiz), ağac məmulatlarının (20.7 faiz), daş və şüşə məmulatlarının (17.6 faiz), metalların (13.3 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (11 faiz), şəkərin (9.7 faiz) və dənli bitkilərin (4.6 faiz) idxalı artıb. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (81.2 faiz), bitki yağlarının (36.7 faiz), kərə yağının (19.2 faiz), qazanlar, avadanlıq və mexaniki qurğuların (14.9 faiz), tərəvəz məhsullarının (14.5 faiz) və əczaçılıq məhsullarının (2.4 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.8 faiz təşkil edərək 293.4 milyon dollar olub.