ELM VƏ TƏHSİL
“Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 31 may (AZƏRTAC). Təhsil Problemləri İnstitutunda (TPİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı bloq” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin iştirak etdikləri mərasimdə TPİ-nin direktoru Qulu Novruzov müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində müsabiqələrin xüsusi rolu olduğunu diqqətə çatdırmışdır.
İnstitutun direktoru müvafiq Təhsil Strategiyasının əhəmiyyətini xatırlatmış və təhsildə yeni pedaqoji və informasiya texnologiyaları üsulları üzrə müəllimlərin bilik, bacarıqlarının yüksəldilməsinə təkan verə biləcək tədbirlərin keçirilməsinin davamlı olacağını vurğulamışdır.
Q. Novruzov müxtəlif fənlər üzrə hazırlanan bloqların yaradılmasının internetdə Azərbaycan dili elektron təhsil resursların artmasına və onların zənginləşdirilməsinə kömək göstərdiyini bildirmişdir.
Tədbirdə, eyni zamanda, məlumat verilmişdir ki, Təhsil Problemləri İnstitutu və “Demokratik Gənclər” İctimai Birliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil etdikləri “Ən yaxşı bloq” müsabiqəsinə ölkəmizin müxtəlif şəhər və rayonlarından 50-yə qədər iş təqdim edilmiş, onlardan 39-u seçilmişdir.
Sonra müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqənin qaliblərinə “Uğur” və iştirakçı diplomları təqdim olunmuşdur.