İQTİSADİYYAT
Ən yaxşı məqalə və teleradio süjeti müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 21 dekabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə jurnalistlər üçün “İnvestisiya fondları - alternativ sərmayə vasitəsi” mövzusunda təşkil edilmiş ən yaxşı məqalə və teleradio süjeti müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, komitə sədri Rüfət Aslanlı qiymətli kağızlar bazarının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair məlumat verərək bu istiqamətlərdən birinin məhz məlumatlandırma və maarifləndirmə tədbirlərinin gücləndirilməsindən ibarət olduğunu bildirmişdir. O, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 20 ildə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının təməlinin qoyulduğunu, bununla da Azərbaycanda qiymətli kağızlar bazarının inkişafında yeni mərhələnin başlandığını bildirmişdir.
“Paşa Bank”ın idarə heyətinin sədri Fərid Axundov qurumun QKDK ilə birgə həyata keçirdiyi layihənin sosial cavabdehlik proqramı çərçivəsində maliyyələşdirildiyini və bu sahədə çalışan mətbuat nümayəndələrinin, həmçinin əhalinin məlumatlandırılmasına və maarifləndirilməsinə xidmət etdiyini vurğulamışdır.
Sonra QKDK-nın hazırladığı “Müstəqil Azərbaycan 20 ildə - qiymətli kağızlar bazarının təşəkkülü və inkişafı” filmi nümayiş olunmuşdur.
Milli Depozit Mərkəzi idarə heyətinin sədri Fariz Əzizov müsabiqənin məqsədini açıqlayaraq, iştirakçıların qarşısına qoyulan tələblər, məqalələrin mövzuları, qiymətləndirmə meyarları haqqında ətraflı məlumat vermişdir.
Yekunda müsabiqədə iştirak etmiş jurnalistlərə diplomlar, müsabiqənin qaliblərinə isə pul mükafatları təqdim edilmişdir.