İQTİSADİYYAT
“Enterprise Azerbaijan” və Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 26 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihəsi olan “EnterpriseAzerbaijan.com” portalı və Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi ilə “Enterprise Azerbaijan”ın birlikdə “StartUp School” yaratması, potensial investorların tapılmasına dəstək göstərilməsi, akselerasiya mərkəzlərinin təşviqi, Azərbaycandan seçilmiş startapların Nevado Universitetində təcrübə keçmələrinə yardım, xarici ekosistemə uyğun gələn bütün startapların məlumatlandırılması və investisiya imkanlarının araşdırılması, birgə tədbirlərin təşkili, o cümlədən Özmen Mərkəzinin ekspertlərinin yerli və beynəlxalq tədbirlər zamanı həm mentor, həm də mühazirəçi kimi iştirakı və gələcək perspektivdə görüləcək bir sıra işlər nəzərdə tutulub.
Daha sonra silsilə tədbirlər çərçivəsində “EnterpriseAzerbaijan.com” portalının təşkilatçılığı ilə Nevado Universiteti, “Barbara Smith Campbell”in iqtisadiyyat üzrə professoru, Beynəlxalq Biznes Proqramları direktoru Mehmet Serkan Tosun tərəfindən “Enterprise Azerbaijan” və digər inkubasiya mərkəzlərinin startapçıları üçün “Sahibkarlığa dəstək üçün startapların inkişaf etdirilməsi” mövzusunda master-klass keçirilib.
Təlimdə “Enterprise Azerbaijan” və Sabah.lab Akselerasiya Mərkəzinin müxtəlif yerli və beynəlxalq yarışlarda uğur qazanmış startapları təqdim olunub. Eyni zamanda, gənc startapçılar M.Tosunun dəyərli fikirlərini dinləmək və öz startaplarını beynəlxalq səviyyədə tanıtmaq şansı qazanıblar.
M.Tosun gənclərə öz tövsiyələrini verib və startapdan sahibkarlığa gedən yolda onların hər birinə uğurlar arzu edib.