İQTİSADİYYAT
EPEG layihəsinin Azərbaycan seqmentinin tikintisi son mərhələdədir
Bakı, 19 dekabr (AZƏRTAC). “Europe Persia Express Gateway” (EPEG) layihəsi çərçivəsində reallaşdırılan optik-lif kabel magistralının Azərbaycan hissəsinin tikintisinin dəyəri üç milyon avronu keçə bilər.
“Alcatel&Lucent” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Levent Özbilgin AZƏRTAC-a bildirmişdir ki, hazırda layihənin Azərbaycan seqmentinin tikintisi son mərhələdədir. Bu işlər çərçivəsində beynəlxalq birləşmələrin infrastrukturunun yaradılması, şəbəkələrin birləşdirilməsi və həcmlərin tranziti nəzərdə tutulur.
EPEG kabel magistralının yaradılması üzrə konsorsiuma İranın TIC (Telecommunication Infrastructure Company), Omanın “Omantel”, Rusiyanın “Rostelekom” şirkətləri və C&W Beynəlxalq şirkəti (Cable&Wireless) daxildir.
EPEG kabel marşrutu Omandan Frankfurtadək çəkiləcəkdir. Gözlənildiyinə görə, kabel operatorları EPEG-in yaradılmasında iştirak etməyən 3 ölkənin - Azərbaycan, Polşa və Ukraynanın ərazilərindən də keçməlidir.
EPEG kabel magistralının buraxılış qabiliyyəti 3,2 Tbit/s təşkil edəcək, uzunluğu isə 6 min kilometrə çatacaqdır. Layihənin ilkin dəyəri təxminən 200 milyon dollar qiymətləndirilir. Kabel magistralının 2012-ci ilin mayında işə salınması gözlənilir.