CƏMİYYƏT
Ərazi mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanılmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Mülki Müdafiə Qoşunlarının 2011-ci il üçün hazırlıq planına müvafiq olaraq Mülki müdafiə işinin təşkili Baş İdarəsinin Sabunçu rayon fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, məşqə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış ərazi mülki müdafiə qüvvələri, rabitə və xəbərdarlıq xidməti, ictimai asayişi mühafizə xidməti, sığınacaq və daldalanacaq xidməti, elektrik təchizatı və işığı gizlətmə xidməti, epidemioloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstəsi cəlb olunmuşdur.
Əsas məqsəd “Mülki müdafiə haqqında” Qanunun, “Mülki müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığın yoxlanılmasıdır.
Məşq zamanı rayon ərazi qüvvələrinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş, qoyulmuş məqsədlərə nail olunmuşdur.