İQTİSADİYYAT
Ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergiödəyicisi fəaliyyətini bərpa edib
Bakı, 17 may, AZƏRTAC
2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergiödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov deyib.
Departament rəhbəri nəzərə çatdırıb ki, cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olub.
Qeyd olunub ki, 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunub. O cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olub və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilib.