ƏRAZİLƏR MİNALARDAN TƏMİZLƏNİR
Agentliyin əməkdaşları ötən ay ərzində 1 milyon 336 min 566 kvadratmetr ərazini minalardan təmizləmişlər. Nəticədə 139 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir. Hazırda ümumi sahəsi 2 milyon 652 min 520 kvadratmetr olan 7 sahədə təmizləmə əməliyyatları aparılır və hələlik 877 965 kvadratmetr ərazi təmizlənməmiş qalır. Daha bir sahədə isə əməliyyatlara hazırlıq məqsədi ilə texniki tədqiqatlar aparılır.
Qeyd edək ki, 15 mina axtaran itin, 82 istehkamçının, 15 partlamamış hərbi sursat operatorunun, 8 təcili yardım həkiminin və 40-a yaxın yardımçı işçinin cəlb olunduğu bu əməliyyatlar nəticəsində indiyədək cəmi 10 milyon 611 min 918 kvadratmetr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilən mina və partlamamış hərbi sursatın sayı isə 6 min 131-dir.