SİYASƏT
ƏRƏB DÖVLƏTLƏRİ LİQASI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Bakı, 29 may (AZƏRTAC). Azərbaycanın Misir Ərəb Respublikasındakı (MƏR) səfiri Faiq Bağırov Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa ilə görüşmüşdür.
Səfir Azərbaycan ilə ƏDL arasında imzalanmış Anlaşma Memorandumundan söhbət açmış və bildirmişdir ki, Azərbaycanın bu sənədi imzalaması onun Liqa ilə əlaqələri inkişaf etdirmək arzusunda olduğuna dəlalət edir.
Söhbətdə əlaqələrin gələcəkdə genişləndirilməsi iqtiqamətində fikir mübadiləsi aparılmışdır.
Baş katib Ə.Musa rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələri inkişaf etdirməyə böyük önəm verdiyini diqqətə çatdırmış, bu əlaqələrin tək siyasi müstəvi ilə məhdudlaşmamasının, iqtisadi, mədəni və digər sahələri də əhatə etməsinin vacibliyini xüsusi vurğulamışdır.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açılmışdır.
Səfir 2008-ci ilin martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında əksər ərəb dövlətlərinin “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verdiyini diqqətə çatdırmış, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin son vəziyyəti ilə bağlı məlumat vermişdir.
İstər BMT Baş Məclisi, istərsə də İslam Konfransı Təşkilatı çərçivəsində ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən belə sənədlərin qəbul edilməsində göstərilən dəstəyə görə Baş katibə təşəkkür edən səfir F.Bağırov, bunun dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulamış, dəstəyin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Ə.Musa Azərbaycanın mövqeyini hər zaman dəstəkləyəcəyini bəyan etmiş, ölkəmizlə ƏDL arasında əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin zəruriliyini qeyd etmişdir.