MƏDƏNİYYƏT
Ərəb KİV-də Ermənistanın ümumbəşəri dəyərlərə hörmətsizliyi barədə məqalə dərc edilib
Qahirə, 14 mart, AZƏRTAC
Misirin “Rayetmısr” və Əlcəzairin “Əl Hərir” portallarında təcavüzkar Ermənistanın ümumbəşəri dəyərlərə hörmətsizliyi, İslam irsini məhv etmək cəhdləri barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin üzvü Ədil Ədilzadənin müəllifi olduğu yazıda erməni millətçilərinin tarix boyu Azərbaycan xalqına məxsus milli, tarixi və dini mədəniyyət nümunələrini özününküləşdirmə cəhdləri, bu mümkün olmadıqda isə dağıtmaları barədə məlumat verilib. Məqalədə diqqətə çatdırılıb ki, Ermənistanda olan Azərbaycan toponimlərinin erməni adları ilə əvəzlənməsi yalnız Azərbaycan xalqına qarşı dözümsüzlük deyil, həm də bəşəriyyətə qarşı cinayətdir.
Ərəbdilli oxuculara məlumat verilib ki, Azərbaycan son 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərin və tarixi abidələrin işğalçı Ermənistan tərəfindən dağıdılması faktlarını çatdırıb, bu beynəlxalq təşkilatın missiyasının Qarabağa göndərilməsi təklifi ilə çıxış edib. Prezident İlham Əliyev 2020-ci il dekabrın 24-də Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə olarkən bu barədə deyib: “Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl, gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub”.
Məqalədə bu il fevralın 4-də Azərbaycan, Fransa, Avropa İttifaqı Şurasının prezidentləri və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunduğu, lakin Ermənistanın buna maneə yaratmağa çalışdığı qeyd olunub. Təşkilatın Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan texniki missiyasına gəldikdə, rəsmi Bakının ilk gündən bu missiyanın həyata keçirilməsini alqışladığı və onun qısa müddət ərzində baş tutması üçün bütün hazırlıq işlərini ikitərəfli formatda razılaşdırdığı vurğulanıb.
Məqalədə qeyd olunub ki, “Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Niderland “Odlar yurdu” Cəmiyyəti və bir sıra digər QHT-lərin ünvanladığı müraciətdə Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisində çoxəsrlik tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşdiyi bildirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə