ELM VƏ TƏHSİL
ERMƏNİ İŞĞALÇILARININ AZƏRBAYCANIN TARİXİNƏ, MƏDƏNİYYƏTİNƏ SAHİB ÇIXMASINA İMKAN VERMƏMƏLİYİK
Bu fikirlər fevralın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın gömrük tarixi” kitabının təqdimatı mərasimində səslənmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov kitab haqqında məlumat vermiş, əsas məqsədin Azərbaycan tarixinin ən incə məqamlarını beynəlxalq aləmə çatdırmaq olduğunu vurğulamışdır.
Bildirmişdir ki, Dövlət Gömrük Komitəsi və AMEA-nın birgə təşəbbüsü ilə ərsəyə gətirilmiş kitabda 5 min il yaşı olan Azərbaycan gömrüyünün tarixi dövlətçilik tariximizin tərkib hissəsi kimi qiymətləndirilir.
Natiq qeyd etmişdir ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən tarixi karvan yolunun qovuşuğunda yerləşməsi, şimalla cənubu əlaqələndirən Dərbənd keçidi yurdumuzun ta qədim dövrlərdən geostrateji əhəmiyyətindən xəbər vermiş, onun nüfuzunu yüksəltmişdir. Tarix boyu Azərbaycan hökmdarları bu beynəlxalq əhəmiyyət kəsb edən yolların üzərində dövlət nəzarətini saxlamağa çalışmışlar.
Təqdimat mərasimində kitabdakı məqalələrin müəllifləri - Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, AMEA Tarix İnstitutunun şöbə müdirləri - tarix elmləri doktoru Tofiq Mustafazadə, tarix elmləri namizədi Hacı Həsənov, BDU-nun müəllimi, tarix elmləri doktoru Kərim Şükürov və başqaları çıxış etmişlər. Onlar təqdim olunan nəşrin zəngin tarixi keçmişimizi dünyaya çatdırmaq baxımından mühüm vasitə, Azərbaycana qarşı daim ərazi iddiasında olan, tariximizi, mədəniyyətimizi mənimsəməyə çalışan erməni bədxahlarına tutarlı cavab olduğunu diqqətə çatdırmışlar.
Kitabda XIX əsrin birinci yarısında İran ərazisindən Azərbaycana köçürülmüş ermənilərin gömrük sənədləri və tarixi abidələrimizin fotoları da öz əksini tapmışdır.