SİYASƏT
“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyanın ingilis dili variantının təqdimatı olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də “Kempinski-Badamdar” otelində “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyanın ingilis dili variantının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının, müvafiq nazirlik və komitələrin nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin və tanınmış alimlərin qatıldıqları tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu və Siyasi Maarifləndirmə İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə təşkil edilmişdir.
Tədbirdə çıxış edən İB-nin sədri Mehman İsmayılov bildirmişdir ki, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və erməni faşizminin gerçək üzünü açmaq məqsədi ilə AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən 2002-2003-cü illərdə rus və Azərbaycan dillərində “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediya hazırlanaraq çap edilmişdir. Mərhum alim, siyasi elmlər doktoru Rövşən Mustafayevin rəhbərliyi və elmi redaktorluğu altında toplanmış təkzibolunmaz faktlar beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq istiqamətində mühüm əhəmiyyət daşıyan bu nəşrin əsasını təşkil etməklə, beynəlxalq aləmdə böyük rezonans doğurmuşdur.
M.İsmayılovun sözlərinə görə, kitab ideoloji baxımdan çox güclü təsir vasitəsi olaraq dünyanın aparıcı kitabxanalarının fonduna daxil edildiyindən təbii ki, ermənilər tərəfindən narazılıqla qarşılanmışdır. Belə bir nəşrin ingilisdilli auditoriyaya çatdırılmasının əhəmiyyətini dərk edərək biz onu ingilis dilində nəşr etdik.
Tədbirdə çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirmişdir ki, ermənilər təkcə türklərə və azərbaycanlılara deyil, habelə əksər dünya xalqlarına qarşı da mütəmadi olaraq terror aktları törətmişlər. Tarix boyu özünü “məzlum millət” kimi göstərməyə çalışan ermənilərin həmişə amansız terrora üstünlük verdikləri ensiklopediyada faktlar və rəqəmlərlə sübuta yetirilmişdir. İlk dəfə olaraq ensiklopediya formasında və xronoloji ardıcıllıqla erməni terror təşkilatlarının dünyanın müxtəlif regionlarında dinc insanlara qarşı həyata keçirdikləri terror aktları barədə məlumat verilmişdir.
Aytən Mustafayeva adı çəkilən ensiklopediyanın daha geniş coğrafiyada yayılmasının əhəmiyyətindən danışaraq bu kitabın Siyasi Maarifləndirmə İctimai Birliyi tərəfindən ingilis dilində hazırlanaraq nəşr edilməsini yüksək qiymətləndirmişdir.
Tədbirdə AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Elman Məmmədov, Qənirə Paşayeva, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları çıxış edərək belə bir dəyərli xronoloji ensiklopediyanın ingilis variantının nəşrini vaxtında atılmış addım hesab etmiş və nəşrdəki gerçək məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox böyük dəyər və önəm kəsb etdiyini vurğulamışlar.
Təqdimat mərasimində məktəblilərin müharibə mövzusunda çəkdikləri rəsm əsərləri nümayiş etdirilmişdir.