ERMƏNİLƏR MƏYUS OLMAĞA BAŞLAMIŞLAR
Paris, 26 fevral (AZƏRTAC). Uydurma “erməni soyqırımı”nın Amerika Birləşmiş Ştatlarında tanınacağı və yeni prezidentin “soyqırım” sözünü işlədəcəyi ümidi ilə Barak Obamanın seçkilərində əldən-ayaqdan getmiş ermənilər son vaxtlar məyus olmağa başlamışlar.
Fransada nəşr olunan bir çox erməni mətbu orqanlarında, o cümlədən gündəlik “Ermənistan xəbərləri” (“Les Nouvelles d’Armenie”) qəzetində dərc edilmiş yazılardan bu aydınca hiss olunur. Qəzetin 25 fevral tarixli nömrəsindəki “Erməni politoloqunun fikrincə, Barak Obama “soyqırımı” sözünü işlətməyəcəkdir” sərlövhəli yazıda bu xəbər, az qala, göz yaşları axıdılaraq oxuculara çatdırılmışdır. Adətən, həmişə özlərindən müştəbeh və doğrunu yalan kimi qələmə verməkdə usta olan ermənilərin gözlənilmədən belə xəbər yaymaları təəccüb və şübhə doğurur. Amerikada keçirilmiş prezident seçkilərində Barak Obamanı dəstəkləmiş ermənilər tarixi faktlara əsaslanmayan “soyqırımının” tanınmasında onun erməniləri dəstəkləyəcəyi barədə neçə vaxt idi ki, Amerikada, habelə digər ölkələrdə möhkəm hay-küy qaldırmışdılar. Amma bu dəfə onların arzuları puç olmuşdur. Qəzet məhz erməni politoloqunun fikrinə istinad edərək yazır ki, Barak Obama aprelin 24-də erməni icmasının təmsilçiləri ilə görüşdə “soyqırımı” ifadəsini işlətməyəcəkdir.
Qəzet “erməni soyqırımı” məsələsinə görə Amerikanın öz müttəfiqi və bölgədə xüsusi strateji mövqeyi olan Türkiyə ilə əlaqələrini korlamayacağını və belə siyasi addımın qətiyyən inandırıcı olmadığını etiraf etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris