SİYASƏT
ERMƏNİSTAN AVROPA İTTİFAQINA İNTEQRASİYA ETMƏK ÜÇÜN TÜRKİYƏ VƏ AZƏRBAYCANLA ƏLQALƏRİNİ NORMALLAŞDIRMALIDIR
Paris, 21 fevral (AZƏRTAC). Parisdə nəşr olunan gündəlik “Ermənistan xəbərləri” (“Les Nouvelles d’Armenie ») qəzetinin 20 fevral tarixli nömrəsində yanvarın 1-dən Avropa İttifaqına sədrlik edən Çexiya Respublikasının xarici işlər naziri Karel Şvartsenberqin ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşündən bəhs edən material dərc olunmuşdur.
Görüşdə Karel Şvartsenberq qeyd etmişdir ki, əgər Ermənistan Avropa İttiaqının Şərq Tərəfdaşlığı Proqramına inteqrasiya etmək istəyirsə, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmalıdır. Çexiya xarici siyasət idarəsinin rəhbəri tezliklə erməni-türk əlaqələrində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində irəliləyiş əldə ediləcəyinə optimist münasibət bəslədiyini bəyan etmişdir.
Keçmiş SSRİ respublikaları ilə Avropa İttifaqının əlaqələrinə toxunan K.Şvartsenberq müstəqillik qazanmış ölkələrdə qurumun Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində siyasi və iqtisadi islahatlar aparılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır. Şərq Tərəfdaşlığı Proqramının Azərbaycana, Belarusa, Gürcüstana, Ukraynaya, Moldovaya və Ermənistana maliyyə yardımı göstərmək və bu ölkələrlə əməkdaşlığı inkişaf etdirmək, onları siyasi və iqtisadi sahələrdə Avropa İttifaqına yaxınlaşdırmaq, Avropaya inteqrasiya məsələsində kömək etmək məqsədi daşıdığı vurğulanmışdır.
Sonda K.Şvartsenberq Ermənistan rəsmilərini müxalifətlə dialoqa girməyə, siyasi motivlərlə hələ də həbsdə saxlanılanları tezliklə azad etməyə çağırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris