SİYASƏT
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanda vəziyyəti daha da çətinləşdirmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanda vəziyyəti daha da ağırlaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu noyabrın 21-də “Qarabağ saatı” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında demişdir.
M.Əhmədoğlu regionda baş verən son prosesləri şərh etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hadisələrə münasibət bildirmişdir.
Münaqişənin nizamlanması ilə bağlı rəsmi Bakının mövqeyinin daha da gücləndiyini vurğulayan politoloq məsələnin həlli istiqamətində mühüm addımların atıldığını demişdir.
Politoloqun fikrincə, Azərbaycan rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasət ermənilərin beynəlxalq arenada mövqeyini zəiflətmiş, siyasi nüfuzunu aşağı salmışdır. Ermənilər saxtakarlıqla məşğul olmağa məcburdurlar, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər şey onların mövqeyinin əleyhinədir.
Ermənistanın hazırkı vəziyyətini müqayisəli təhlil edən politoloq demişdir ki, işğalçı ölkənin hərbi gücü zəifləyir, işğalçı ölkədə siyasi, sosial-iqtisadi vəziyyət daha da ağırlaşır, yoxsulluq səviyyəsi artır. Azərbaycan isə hər bir sahədə inkişaf edir. Ölkəmizin hərbi qüdrəti və döyüş potensialı daim artır.
Tədbirdə, həmçinin Azərbaycanın Fransa, ABŞ, Rusiya və İran ilə münasibətləri də təhlil olunmuşdur.