SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulmuşdur VİDEO
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyunun 13-də və 14-də gecə Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.