DÜNYA
Ermənistanda eks-prezidentin bloku seçkilərin nəticələrinin ləğvini tələb edir
Bakı, 14 aprel, AZƏRTAC
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi “Ermənistan Milli Konqresi - Ermənistan Xalq Partiyası” bloku parlament seçkilərinin nəticələrinin ləğv olunması tələbi ilə aprelin 14-də Konstitusiya Məhkəməsinə ərizə verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, alyans bir qədər əvvəl Mərkəzi Seçki Komitəsinə analoji tələblə müraciət ünvanlasa da, MSK ərizədə göstərilən vəziyyətin səsvermənin nəticələrinin ləğvinə əsas vermədiyi bəhanəsi ilə müraciəti rədd etmiş və seçkinin nəticəsinə təsir edən qanun pozuntularının qeydə alınmadığını bildirmişdi.
“Biz alyansın və “Vətəndaş-müşahidəçi” təşəbbüs qrupu adından ərizə təqdim etdik. Hesab edirik ki, aprelin 2-də keçirilən seçkilər zamanı dövlət əsas prinsipləri - azad fikir və gizli səsvermə hüququnu təmin etməyib. Administrativ resursdan istifadə olunub”, - deyə vəkil Tiqran Yeqoryan jurnalistlərə bildirib.