DÜNYA
Ermənistanda iyul ayından etibarən əhaliyə satılan təbii qazın və elektrik enerjisinin qiymətləri qaldırılacaqdır
Paris, 1 iyun (AZƏRTAC). Rusiya Ermənistana satdığı məişət qazının qiymətini 50 faiz qaldırmışdır. Bu, onsuz da iqtisadiyyatı böhran keçirən və uçuruma yuvarlanmaqda olan Ermənistanda vəziyyəti daha da ağırlaşdırmışdır.
Rusiyanın yaxın dostu Ermənistana satdığı məişət qazının qiymətini birdən birə 50 faizi bahalaşdırması dövlət rəsmlərini ölkədə əhaliyə satılan qaz və elektrikin qiymətini qaldırmağa məcbur etmişdir. İyulun 10-dan etibarən ağır vəziyyətdə yaşayan sadə xalq kütləsi məişət qazının hər kubmetr üçün 132 dram əvəzinə 156 dram ödəməli olacaqdır.
Ölkədə elektrik enerjisinin də qiyməti həmin vaxtdan 26 faiz qaldırılacaqdır.
İqtisadçılar qazın İrandan alınmasının daha ucuz başa gələcəyi barədə ölkə rəhbərliyinə məlumat versələr də, onların təklifi qulaqardına vurulmuşdur.
Yerli siyasətçilər qiymətlərin qaldırılmasının onsuz da pis vəziyyətdə yaşayan əhalinin vəziyyətini daha da ağırlaşdıracağını və son nəticədə sosial partlayışa səbəb olacağını bildirirlər.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri.
Paris