SİYASƏT
Ermənistanda miqrantların sayı yerli əhalinin sayından çoxdur
Bakı, 16 avqust (AZƏRTAC). Təcavüzkar Ermənistan hər keçən gün Azərbaycanın hərbi üstünlüyünü, eyni zamanda, özlərinin “böyük Ermənistan” ideyasının puç olduğunu aydın şəkildə görür. Biz bunu mətbuatdan da izləyirik və xarici səfərlərimizdə beynəlxalq hüquq müdafiəçilərinin, ekspertlərin dilindən də eşidirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Osmanlı demişdir.
C.Osmanlı bildirmişdir ki, son iki yüz ildən bəri erməni siyasətçilərinin planları bu bölgədə “böyük Ermənistan” qurmaqdır və bununla bağlı onlar dünyanın müxtəlif yerlərindən erməniləri indiki Ermənistan ərazisinə köçürməklə məşğul olublar. Amma onların bu siyasəti iflasa uğrayır. Ermənistan iqtisadiyyatının çökməsi, xarici dövlət borcunun ağlasığmaz dərəcədə artması, əhalinin güzəranının pisləşməsi insanların müxtəlif yollarla başqa ölkələrə köçməsinə səbəb olmuşdur. Bir neçə il bundan əvvəl əhalisinin sayının 3,5 milyon olmasına baxmayaraq, Ermənistanda indi iki milyona yaxın insan yaşayır. Bu gün Ermənistan özünü elə vəziyyətə çatdırmışdır ki, bu ölkədəki miqrantların sayı yerli əhalinin sayından çoxdur. Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir.