DÜNYA
Ermənistanda parlament seçkiləri ərəfəsində etirazlar güclənib
Bakı, 27 mart, AZƏRTAC
Dərin sosial-iqtisadi böhran yaşayan Ermənistanda parlament seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət böhran həddinə çatıb. İşğalçı ölkədə siyasi qüvvələr bir-birilərini xəyanətdə ittiham edirlər ki, bu da qarşıdurmaları artırıb. Tərəflər bir-birilərini hətta silahla hədələməkdən belə çəkinmirlər.
Seçki ərəfəsində “Xalq partiyası” bloku İrəvanda mitinq keçirib. Aksiyada Ermənistan Milli Konqresinin sədri Levon Ter-Petrosyan digər müxalif partiyaları və iqtidarı xəyanətdə günahlandırıb. Sabiq prezident ölkənin elm və təhsil naziri Levon Mkrtçyanın istefasını tələb edib. Seçki blokunun bununla bağlı bəyanatında bildirilir ki, təhsil müəssisələri aprelin 2-də keçiriləcək seçkilərin saxtalaşdırılması prosesində birbaşa iştirak edir. Məktəblərdə seçkilərlə bağlı tədbirlər keçirilir, materiallar yayılır ki, bu da qanunaziddir.
Qeyd olunur ki, ölkənin ali təhsil müəssisələri də kütləvi şəkildə hakimiyyətin saxtakarlıq planlarına cəlb olunub. Hakim partiya qalib gəlmək üçün inzibati rıçaqlardan istifadə edir. Bu isə birbaşa qanun pozuntusudur. Mitinqdən sonra aksiyaçılar şəhər küçələrinə yürüş ediblər. Onlar məktəb direktorları və ali məktəblərin rektorlarının fotoları ilə İrəvan küçələrini gəziblər. Aksiyaçılar vətəndaşları seçki saxtakarlığı ilə məşğul olanları tanımağa çağırıblar.
Bu arada “Oro” blokunun rəhbərlərindən biri, sabiq müdafiə naziri Seyran Ohanyanın tərəfdarı Samvel Babayan zenit-raket kompleksləri və silah-sursat qaçaqmalçılığında əli olduğunu etiraf edib. S.Ohanyan isə jurnalistlərə müsahibəsində bildirib ki, S.Babayan təzyiq altındadır və bu səbəbdən ona qarşı irəli sürülən ittihamı qəbul etmək məcburiyyətində qalıb.
Siyasi ekspertlər parlament seçkiləri ərəfəsində belə qarşıdurmaların daha da artacağını proqnozlaşdırırlar. Politoloq Vigen Akopyan deyib ki, tərəflərin iç üzü getdikcə ortaya çıxır. Təbliğat kampaniyasının sonunda siyasi qüvvələr rüşvətlə uğur qazanmağa, səslərin satın alınmasına çalışacaq. Bu da Ermənistanda yeni qarşıdurmalar yaradacaq.