SİYASƏT
Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri Misirin nüfuzlu “Əl-Əhram” qəzetində verilmiş müsahibədə ətraflı şərh olunmuşdur
Qahirə, 10 aprel (AZƏRTAC). Misirin bir milyon tirajla çap olunan nüfuzlu “Əl-Əhram” qəzetində jurnalist Mahmud Nubinin Azərbaycan Respublikasının bu ölkədəki səfiri Şahin Abdullayevlə “Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin vacibliyi” sərlövhəli müsahibəsi dərc edilmişdir.
Səfir müsahibəsində 1992-ci ildən etibarən ABŞ, Fransa və Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə indiyədək həllini tapmadığını, təcavüzkar ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirmişdir.
Ş.Abdullayev “böyük Ermənistan” yaratmaq iddiasında olan ermənilərin 1905–1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunaraq və istiqamətləndirilərək azərbaycanlılara qarşı apardığı etnik təmizləmələrə, genişmiqyaslı qətllərə və vəhşiliklərə toxunmuşdur.
Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci il martın 31-də Bakıda və digər bölgələrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları, şəhər və kəndləri viran qoyduqları barədə məlumat verən səfir 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığını, həmin qırğınların və talanların araşdırıldığını bildirmişdir.
Səfir, həmçinin 1920-ci ildə Şimali Qafqaz bölgəsində baş verən dəyişikliklərdən istifadə edən ermənilər tərəfindən Azərbaycan torpaqlarının ilhaq edildiyini, 1948-1953-cü illərdə 150 min azərbaycanlının həmin ata-baba torpaqlarından çıxarıldığını söyləmişdir.
1988-ci ildən etibarən erməni silahlı dəstələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, etnik təmizləmə apararaq 1992-ci il fevralın 26-da xalqımıza qarşı XX əsrin amansız qətliamı sayılan Xocalı soyqırımının törədilməsi barədə məlumatlar səfirin müsahibəsində öz əksini tapmışdır.
Müsahibənin sonunda səfir Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinə görə sülh danışıqlarının müsbət nəticə vermədiyini vurğulamış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının əsas səbəbini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təcavüzkar ölkə tərəfindən yerinə yetirilməməsi ilə əlaqələndirmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə