DÜNYA
Ermənistanın gələn il üçün dövlət büdcəsinin xərcləri təqribən 3 milyard ABŞ dolları həcmindədir
Bakı, 5 dekabr (AZƏRTAC). Ermənistan parlamenti 2013-cü il üçün dövlət büdcəsinin layihəsini təsdiq etmişdir.
Ermənistanın parlamentinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu ölkənin dövlət büdcəsinin gələn il üçün xərcləri 1 trilyon 152 milyard dram (təqribən 3 milyard ABŞ dolları) həcmində müəyyənləşmişdir.
Büdcənin lehinə 71 deputat, əleyhinə isə 37 deputat səs vermişdir. Sənədin əleyhinə olan deputatlar bildirmişlər ki, bu məbləğ, Ermənistanın dünyada ən kasıb ölkələrindən biri olduğunu təsdiqləyir. Ermənistan rəhbərliyi ölkəni fəlakətə sürükləyir.
Qeyd edək ki, Azərbaycan Respublikasının gələn il üçün təsdiq olunmuş büdcəsində təkcə müdafiə xərcləri üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması nəzərdə tutulmuşdur. Bu isə Ermənistanın dövlət büdcəsinə bərabərdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Milli Məclisi 2013-cü il üçün dövlət büdcəsini təsdiq etmişdir. Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon manat, xərcləri isə 19 milyard 850 milyon manat təsdiq olunmuşdur.