SİYASƏT
Ermənistanın növbəti təxribatına verilən cavab Azərbaycan Ordusunun qüdrətinin nə qədər yüksək olduğunu bir daha göstərdi
Bakı, 13 iyul, AZƏRTAC
Ermənistanın növbəti təxribatına verilən cavab Azərbaycan Ordusunun qüdrətinin nə qədər yüksək olduğunu bir daha göstərdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazim Pahsa bildirib. O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan rəhbərliyinin öz xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib yeni ərazilər əldə etmək cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır.
Dərnək rəhbəri əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Mülazim Pahsa vurğulayıb ki, əvvəllər olduğu kimi, budəfəki təxribatın da əsl səbəbi həm dünya, həm də erməni ictimaiyyətinə məlumdur. Türkiyə ictimaiyyətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri diqqətə çatdırıb ki, işğal altındakı torpaqların azad olunması, eləcə də istənilən kənar müdaxiləyə qarşı Azərbaycan naminə canını fəda etmək Türkiyə vətəndaşı üçün şərəflidir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, bütün xalqımıza səbir diləyən M.Pahsa təcavüzkar düşmənin qətiyyətlə susdurulmasından qürur duyduğunu ifadə edib.