MƏDƏNİYYƏT
“ERUPT! 2020” sosial dəyişiklik incəsənət müsabiqəsi açıq elan olunub
Bakı, 28 iyul, AZƏRTAC
“ERUPT! 2020” sosial dəyişiklik incəsənət müsabiqəsi bədii və kreativ müraciətlərin qəbulunu açıq elan edib. Dünyanın istənilən yerindən hər yaşda olan şəxslər müsabiqəyə qatıla bilər.
AZƏRTAC xəbər verir ki, ehtiyaclı və aztəminatlı kateqoriyadan olan uşaqların həyatının yaxşılaşdırılması istiqamətində davamlı layihələr həyata keçirən “SAP SE” bu müsabiqədə “Street Priests” şirkəti ilə tərəfdaşlıq edir.
Bu müsabiqə incəsənətin təbliğ olunmasını, istedadlı şəxslərin üzə çıxarılmasını və eləcə də ehtiyaclı kateqoriyadan olan uşaqların böhranlı yaşam problemlərinin çözümü üçün davamlı həll yollarının tapılmasını hədəfləyir.
Yarışma ədəbiyyat (hekayələr, şeirlər), təsviri sənət (video və rəsm əsərləri), tətbiqi sənət (müxtəlif rəqslər) və audio (musiqi, bədii qiraət) kateqoriyaları üzrə aparılır.
Müsabiqə qalibinə 2000 dollar mükafat təqdim ediləcək.
Daha ətraflı məlumat erupt.art ünvanından almaq olar.