REGİONLAR
Ərzaq təhlükəsizliyi ölkə siyasətinin prioritet istiqamətlərindən biridir
Gəncə, 21 iyul, Elcan Məmmədov, AZƏRTAC
Bu gün dünyada ərzaq təhlükəsizliyinin təminatında ən düzgün və optimal yol daxili tələbatın yerli istehsal hesabına ödənilməsidir. Yalnız bu yolla keyfiyyətsiz və müxtəlif xəstəliklər törədə biləcək qida məhsullarının yerli bazara daxil olmasının qarşısını almaq mümkündür. Ölkəmizdə də bu səbəbdən kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün tədbirlər görülür və onlar nəticəsiz qalmır. Sözsüz ki, bu artımların əsas mənbəyi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorda həyata keçirilən islahatlar və fermerlərə verilən dəstəkdir. Bu yolla həm ərzaq təhlükəsizliyi təmin olunur, həm də ölkənin ixrac potensialı artır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov deyib.
O bildirib ki, bu gün dünyada ən ciddi narahatlıq doğuran mövzulardan biri qlobal aclıq böhranıdır. Xüsusilə, iqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsi səbəbi ilə, bu mövzunun daha da aktuallaşdığını deyib: “İqlim dəyişikliyi və Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya müstəvisində buğda-taxıl istehsalı və ixracı azalıb, istehsalçı dövlətlərin isə tətbiq etdiyi ixrac qadağaları vəziyyəti daha da kritikləşdirib. Bu isə sözsüz ki, milyonlarla insanın aclıqla üz-üzə qalacağından xəbər verir. Bildiyimiz kimi buğda-taxıl ixracında ilk üçlükdə Rusiya, ABŞ və Kanada durur. Rusiya təxminən 22 faiz və Ukrayna 8 faiz olmaqla, ikisi birlikdə dünya üzrə ümumi buğda ixracının 30 faizdən çoxunu həyata keçirir. Ukraynadakı müharibə səbəbi ilə, eyni zamanda Rusiya hökumətinin imzaladıqları ixrac qadağaları əslində qida təhlükəsi probleminin görünən tərəfləridir”.
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə ölkəmizin bütün iqtisadi sahələrinin mövcud vəziyyəti və inkişaf potensialı və perspektivləri, suvarma ilə bağlı xüsusi layihələri, azad edilmiş ərazilərdə su anbarları və su kanallarının tikintisi, içməli su təchizatının yaxşılaşdırılması və buraya xarici investorların cəlb edilməsi, ümumilikdə kənd təsərrüfatı ilə bağlı yeniliklərin tətbiqi məsələləri geniş şəkildə müzakirə edilib.
“Altı ayın yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev qeyd edib ki, bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişaf etdirməkdir. Bu məqsədlə ölkəmiz elə məhsul ixrac etməlidir ki, istənilən bazar o məhsulu qəbul edə bilsin. Ona görə sertifikatlaşma, ixrac bazarlarının genişləndirilməsi istənilən halda lazım idi, indiki şəraitdə bəlkə daha çox lazımdır. Çünki ixracın şaxələndirilməsi bizə imkan verəcək ki, gələcəkdə qeyri-neft sektoru hesabına ölkəmizi gücləndirə bilək. Sonda dövlət başçısı bildirib ki, biz dünyada baş verən hər cür iqtisadi böhranlara hazır olmalıyıq. Bu qaçılmaz böhranları aradan qaldırmağın yeganə yolu isə dünyada baş verən prosesləri yaxından izləməli və hadisələri düzgün qiymətləndirməliyik. Çünki biz inkişaf yolunda uğurla addımlayan başlıca siyasi iqtisadi regionuq. Və bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır,”- deyə Azad Bayramov bildirib.