İQTİSADİYYAT
Əsaslı təmirdən sonra Bakı-Böyük Kəsik istiqamətində qatarların hərəkət sürətini saatda 140 kilometrə çatdırmaq mümkün olacaqdır
Bakı, 11 iyun (AZƏRTAC). İyunun 10-da Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr uzunluqda yolun əsaslı təmirinə başlanılmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, ilk qoyuluş QSC-nin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrindən 96-cı kilometrinədək olan məsafədə həyata keçirilmişdir. QSC sədrinin müavini Qurban Nəzirovun rəhbərliyi ilə həyata keçirilən yol qoyuluşu prosesində müvafiq departament, xidmət və MMC-lərin kollektivləri iştirak etmişlər. Yolun qoyuluşunu “Dəmiryolservis” MMC-nin 4 və 11 nömrəli ixtisaslaşdırılmış dəmir yolu müəssisələri reallaşdırır.
Qurban Nəzirov bildirmişdir ki, yolların əsaslı təmirini Çexiyanın “İxrac Bankı”nın nəzarət qrupu müşahidə edir. İşlər başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 kilometrə çatdırmaq mümkün olacaqdır. Ümumiyyətlə gələcəkdə Bakı-Böyük Kəsik istiqamətində 870 kilometr yolun əsaslı təmiri gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiyanın “İxrac Bankı” ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanmışdır. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunacaqdır.