CƏMİYYƏT
Əsgər və zabitlərimiz əbədi torpağımız olan Qarabağı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar
Bakı, 25 iyun (AZƏRTAC). 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin (İB) və Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə olmuşlar.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək gənc əsgərləri və zabit heyətini bayram münasibətilə təbrik etmiş, onlara Vətənə xidmətdə göstərdikləri əzmkarlıq və şücaətə görə təşəkkür etmişdir.
İcma rəhbəri bildirmişdir ki, hər bir əsgər və zabit əzəli və əbədi torpağımız olan Qarabağı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin əmrinə hazır olmalıdır.
Digər çıxış edənlər də əsgər və zabit heyətini əlamətdar bayram münasibətilə təbrik etmiş, onları Vətən torpaqlarını mərdliklə qorumağa çağırmışlar.
Sonda gənc əsgərlər üçün Şuşa Rayon Mədəniyyət Evinin musiqi kollektivinin iştirakı ilə konsert proqramı təşkil olunmuş və onlara bayram hədiyyələri verilmişdir.