MƏDƏNİYYƏT
“Əsli və Kərəm” operasının ilk tamaşasından 100 il keçir
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də Üzeyir Hacıbəylinin ev- muzeyində “Əsli və Kərəm” operasının ilk tamaşasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov tədbiri açaraq bildirmişdir ki, 1912-ci ildə ilk tamaşası olan “Əsli və kərəm” operası həmin vaxtdan dəfələrlə səhnə həyatı yaşamışdır. O, bu əsərin Azərbaycan klassik və peşəkar musiqisinin banisi, böyük Üzeyir Hacıbəylinin yaradıcılığında tutduğu mövqedən danışmış, eyni zamanda, Üzeyir bəyin çoxşaxəli yaradıcılığından bəzi məqamları iştirakçıların diqqətinə çatdırmışdır.
Professor Şirməmməd Hüseynov “Əsli və Kərəm” operasının yazıldığı mühitdən, Azərbaycan musiqisinin yaradılmasında və inkişafında Üzeyir Hacıbəylinin yorulmaz fəaliyyətindən ətraflı söz açmış, “Məhəmməd Əmin Rəsulzadə, əsərləri: 1909-1914” və “Məhəmməd Əmin Rəsulzadə, əsərləri: 1915-1916” kitablarını muzeyə hədiyyə etmişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, filologiya elmləri doktoru Tərlan Quliyev Üzeyir Hacıbəylinin “Xalq musiqisinin əsasları” kitabının əhəmiyyətini vurğulamış, “Əsli və Kərəm” dastanının yaranma tarixindən ətraflı danışmışdır.
Muzeyin böyük elmi işçisi Sevinc Quliyeva, fəlsəfə elmləri namizədi Əminə Abbasova Tuncay, Səadət Təhmirazqızı və başqaları tamaşa barədə fikirlərini bölüşmüşlər.