MƏDƏNİYYƏT
“Eşq təsadüfləri sevər” filmi nümayiş olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Bakıda keçirilən Türkiyə mədəniyyəti günləri çərçivəsində noyabrın 25-də Nizami Kino Mərkəzində “Eşq təsadüfləri sevər” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa Selcuk Yavuzkanat iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın vacibliyindən söz açıblar.
Qeyd olunub ki, bu əməkdaşlıq 1978-ci ildə görkəmli rejissor Əjdər İbrahimov tərəfindən çəkilən, Rusiyanın “Mosfilm” və Türkiyənin “Tuğra-film”inin birgə istehsal etdiyi “Məhəbbətim mənim, kədərim mənim” filmi ilə başlanıb. Sovet dövründə əməkdaşlıq az olub. Yalnız ötən əsrin 80-ci illərinin sonundan əlaqələr yaradılıb. Ötən il Xalq Yazıçısı Elçinin əsəri əsasında müştərək “Mahmud və Məryəm” filmi çəkilsə də, bu azdır, birgə filmlər istehsal olunmalıdır.
Vurğulanıb ki, Azərbaycanda kinonun inkişafına hərtərəfli şərait yaradılıb. Azərbaycan Prezidentinin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. “Azərbaycanfilm” kinostudiyası cari ildə 18 beynəlxalq layihədə iştirak edib.
Sonra film nümayiş olunub. Türkiyənin “Böcek Yapım” kinostudiyasında Nuran Evren Şitin ssenarisi əsasında rejissor Ömər Faruk Sorakın bu filmi iki gəncin sevgiyə doğru aparan həyat yolundan bəhs edir.
Baş rollarda Mehmet Günsür, Belçim Bilgin, Altan Erkekli, Yigit Özşener, Ayda Aksel, Hüseyn Avni Danyal və başqaları çəkiliblər.
Türkiyə mədəniyyəti günləri noyabrın 27-dək davam edəcək.