CƏMİYYƏT
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) plastik tullantıların təkrar emalı ilə məşğul olan “Azərsun Holdinq”, “Metak”, “Azekol” şirkətlərinin və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması, çeşidlənməsi, təkrar emalı, mövcud vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib. ETSN-in təşəbbüsü ilə plastik tullantıların toplanması məqsədilə sifariş verilmiş xüsusi konteynerlərin Bakı şəhərindəki bir çox parklarda yerləşdirildiyi şirkət nümayəndələrinin diqqətinə çatdırılıb. Şirkət nümayəndələri nazirliyin təşəbbüsünə qoşularaq dəstək nümayiş etdirdiklərini, təxirəsalınmaz birgə tədbirlərin və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Sonda plastik tullantıların ətraf mühitə yaratdığı problemlərin sivil yollarla aradan qaldırılması məqsədilə birgə tədbirlərin görülməsi barədə razılığa gəlinib.
Nazirlik hər kəsi plastik tullantıların idarə edilməsi təşəbbüsünə dəstək olmağa, onlardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə öz töhfələrini verməyə çağırır.