İDMAN
“Euronews” kanalında 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı reportaj yayımlanmışdır VİDEO
Bakı, 31 oktyabr (AZƏRTAC). “Euronews” kanalında 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı reportaj yayımlanmışdır.
AZƏRTAC xəbər verir ki, reportajda rəsmi Bakının ilk Avropa Oyunlarına tam hazır olduğu göstərilir. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu günlərdə isə hazırlıq işlərinin gedişi Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Əlaqələndirmə Komitəsinin növbəti iclasında müzakirə olunmuşdur. Toplantıya sədrlik edən Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva demişdir ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə böyük inamın göstəricisi olmaqla yanaşı, həm də böyük öhdəlik deməkdir. Bu oyunların keçirilməsi üçün 21 stadion və digər idman qurğularının tikintisi və yenidən qurulması davam etdirilir. Buraya müasir üzgüçülük mərkəzi və 65 min yerlik stadion da daxildir.
Təsdiq olunan idman növlərinə üzgüçülük, suya tullanma, yüngül atletika, güləş, gimnastika, badminton, cüdo, basketbol, stolüstü tennis və digər idman növləri daxildir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Baku Kristall Holl” da oyunlara hazırlıq vəziyyətinə gətirilmişdir. “Baku Kristal Holl” ilə bağlı böyük təəssüratlarının olduğunu deyən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirmişdir ki, bu zal idmançılarla yanaşı, hər bir azarkeşə də xoş ovqat bəxş edəcəkdir.
Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, 22 il əvvəl öz müstəqilliyini əldə edən Azərbaycan böyük uğurlar qazanmışdır. Bu uğurlar müxtəlif sahələrlə yanaşı, idmanın inkişafında da özünü göstərir. Biz Avropanın bir hissəsi olaraq buradan qonaqları Azərbaycanda salamlamaqdan çox şad olacağıq.
Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi üçün 7 min 300 yerlik olimpiya şəhərciyi salınır. Təcrübəli ekspertlər və Avropa Oyunları Komitəsinin icraçı direktoru Cim Şer də Bakı Olimpiya kəndinin idmançılar üçün hazırlanan ən gözəl yaşayış məkanlarından biri olduğunu bildirmişlər.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İştirakçılar idmanın 20 növü üzrə öz qüvvələrini sınayacaqlar.