MƏDƏNİYYƏT
“Eurovision-2012” müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə olunmuşdur
Bakı, 3 dekabr (AZƏRTAC). “Eurovision -2012”nin Qərargahında 2012-ci ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan “Eurovision” mahnı müsabiqəsinin PR və marketinq şirkəti olan T.E.A.M-in meneceri Jan Hermenau ilə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov arasında görüş keçirilmişdir.
Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları və turizm şöbələri əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə “Eurovision-2012” mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, razılaşmaya əsasən, PR tədbirləri çərçivəsində xarici televiziya kanallarında ölkəmiz haqqında reklam çarxlarının nümayişi, beynəlxalq turizm sərgilərinin Azərbaycan stendlərində “Eurovision-2012”nin təbliği, müxtəlif promo məhsulların paylanılması, tədbirqabağı “Eurovision kəndi”nin quraşdırılması, 80-dən artıq mətbuat konfranslarının təşkili və s. işlərin həyata keçirilməsi nəzərdə tutulur.