MƏDƏNİYYƏT
“Eurovision -2014” mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək iştirakçıların mətbuat üçün açıq məşqi keçirilmişdir VİDEO
Kopenhagen, 7 may (AZƏRTAC). Mayın 7-də “B and V” Arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək iştirakçıların mətbuat üçün açıq məşqi keçirilmişdir.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, müsabiqənin iştirakçısı olan 36 ölkədən 15-nin təmsilçiləri “B and V” Arenada bir-birinin ardınca məşq etmişlər.
İlk olaraq səhnəyə çıxan “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek, Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlamışdır.
Səhnəyə ilk olaraq “Coming home” mahnısı ilə Maltanı təmsil edən “Firelight” qrupu çıxmışdır. Daha sonra İsrail, Norveç, Gürcüstan, Polşa, Avstriya, Litva, Finlandiya, İrlandiya, Belarus, Makedoniya, İsveçrə, Yunanıstan, Sloveniya, Rumıniya təmsilçiləri səhnə şoularını təqdim etmişlər.
Məşq zamanı diqqəti cəlb edən əsas məqam səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkanın müxtəlif bölgələrinin görüntüləri olmuşdur. Məşqlərdə, həmçinin yarışmanın final mərhələsi üçün hazırlanmış xüsusi şou da mətbuat nümayəndələrinə təqdim edilmişdir.
Gecə saatlarında isə tamaşaçıların iştirakı ilə yarışmanın ikinci yarımfinalında iştirak edəcək 15 ölkə təmsilçilərinin əsas məşqi olacaqdır.
Mayın 8-də Bakı vaxtı ilə gecə saat 00.00-da “B and V” Arenanın səhnəsində müsabiqənin ikinci yarımfinal şousu başlayacaqdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen