MƏDƏNİYYƏT
Eva Maria Adam Şmidmeyer: Azərbaycanda sürətli inkişafın şahidi oldum
Bakı, 12 mart (AZƏRTAC). Azərbaycanda sürətli inkişafın şahidi oldum.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda keçirilən Beynəlxalq elmi simpoziumda iştirak edən almaniyalı professor Eva Maria Adam Şmidmeyer söyləmişdir.
E.Şmidmeyer şəhərimizin arxitekturasını, qədim və müasir tikililərini Fransanın Nitsa şəhərinə bənzədərək Bakının onda unudulmaz təəssürat oyatdığını xüsusi vurğulamışdır.
Qonaq Beynəlxalq elmi simpoziumda maraqlı müzakirələrin aparıldığını, yeni insanlarla tanış olduğunu bildirərək demişdir: “Bakının belə bir nüfuzlu festivala üçüncü dəfə ev sahibliyi etməsi həqiqətən təqdirəlayiqdir”.
E.Şmidmeyer qeyd etmişdir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival sülh, mədəniyyət naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqların yaxınlaşmasına, onların arasında dialoqun inkişafına zəmin yaradacaqdır.
Almaniya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də səmərəli əlaqələrin olduğunu bildirən professor iki ölkə arasında tələbə-müəllim mübadiləsinin, eləcə də simpozium, elmi konfransların və başqa tədbirlərin keçirilməsində maraqlı olduğunu vurğulamışdır.