DÜNYA
EXPO-2020 ərəfəsində Dubayda təxminən 97 milyard dollarlıq kontraktlar bağlanacaq
Abu-Dabi, 22 sentyabr, AZƏRTAC
Əmirliyin “Khaleej Times” nəşri “BNC Network” resursunda dərc edilmiş məlumatlara istinadla xəbər verir ki, EXPO-2020 ərəfəsində Dubayda təxminən 97 milyard dollar məbləğində kontraktlar bağlanacaq.
AZƏRTAC xəbər verir ki, “BNC Network” resursunun icraçı direktoru Avind Gidvaninin sözlərinə görə, həm dövlət sektorunda, həm də özəl sektorda infrastrukturla bağlı kontraktların gözlənilən həcmi təxminən 12,2 milyard dollar olacaq. Sərgi ilə birbaşa bağlı kontraktların həcminin 5,34 milyard dollar həddində olacağı bildirilir.
Əmirliyin mövcud mehmanxana fondunda 100 mindən bir qədər artıq nömrə və apartament var. A.Gidvani bildirib ki, Dubay hökumətinin proqnozlarına əsasən, bu fonda daha 40 min mehmanxana nömrəsi əlavə etmək lazım gələcək.
“BNC Network” nəşrinin məlumatın görə, EXPO-2020 sərgisi ilə bağlı bütün layihələr “Dubai South” adı ilə də məşhur olan “Dubai World Central Corporation” məkanında keçiriləcək.
Sərgi ilə bilavasitə bağlı mühüm nəqliyyat layihələrindən biri Dubay metrosunun qırmızı xəttinin genişləndirilməsidir. İlkin hesablamalara görə, bu layihə 1,4 milyard dollara başa gələcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi