DÜNYA
Eyde: Kipr üzrə sazişdən sonra respublika Aİ-nin tərkibində qalacaq
Bakı, 11 yanvar, AZƏRTAC
Kipr üzrə saziş imzalandıqdan sonra federativ respublika Avropa İttifaqının tərkibində qalacaq. Bunu BMT baş katibinin Kipr nizamlanması üzrə xüsusi müşaviri Espen Bart Eyde mətbuat konfransında bəyan edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Eyde Kipr probleminə dair uzun müddətdir müzakirə edilən bəzi məsələlərin həllini tapdığını, bəzilərində isə həllə yaxın olduqlarını bildirib. Onun sözlərinə görə, adanın türk və yunan icmalarının rəhbərləri Mustafa Akıncı və Nikos Anastasiadisin iştirakı ilə bazar ertəsi günü Cenevrədə başlayan danışıqlar planlaşdırıldığı kimi gedir. Yanvarın 12-də isə üç qarant ölkənin - Yunanıstan, Türkiyə və Böyük Britanıyanın, həmçinin Avropa İttifaqının iştirakı ilə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Kiprdəki tərəflərin bu gün öz xəritələrini təqdim edəcəklərini, onların BMT-nin mühafizəsi altında olacağını və ictimaiyyətə açıqlanmayacağını bildirən Eyde deyib ki, bu xəritələri yalnız iki kiprli lider, iki xəritə mütəxəssisi və bir də onun özü görəcək. Bəzi media orqanlarında yayımlanan xəritələrə gəlincə, onlar həqiqəti əks etdirmir.
“Sabah tarixi bir gün olacaq. Nəticəsi nə olursa-olsun, tarixi olacaq. Çünki bu prosesdə ilk dəfə qarant güclər ilə kiprli liderlərin hamısı bir arada olacaq”, - deyə xüsusi müşavir vurğulayıb.
Beynəlxalq konfransda qarant ölkələr xarici işlər nazirləri, Avropa İttifaqı isə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.