İDMAN
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışlarında Bolqarıstan və Belarus yığmaları qalib gəliblər
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsində ikinci görüşlər yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında ikinci oyunda İtaliya və Bolqarıstan milliləri qarşılaşıblar. Gərgin keçən matç 3:2 (25:23, 25:21, 19:25, 21:25, 15:11) hesabı ilə Bolqarıstan seçməsinin xeyrinə başa çatıb. Beləliklə, Bolqarıstan voleybolçuları da yarışlarda ilk qələbələrini qazanıblar.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə ikinci oyunda Belarus və Türkiyə yığmaları üz-üzə gəliblər. Görüşdə Belarus seçməsi hər üç setdə (30:28, 25:22, 26:24) Türkiyə komandasını məğlub edib.