ORDU
Əzizağa Qəni-zadə: Ermənistan tərəfinin Azərbaycan Ordusunun səbrini sınamağa cəhd etməsi düşmənə baha başa gələcək
Bakı, 13 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək təxribat törətməyə, basqın etməyə cəhd göstəriblər. Düşmən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi və kənd sakinlərini güclü atəşə tutub. Sərhəddə törədilmiş bu təxribatlar düşmənin işğal siyasətinin davamıdır.
Bunu düşmənin təxribatları ilə bağlı fikirlərini bölüşən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə AZƏRTAC-a açıqlamasında deyib.
Ə.Qəni-zadə bildirib ki, hücum nəticəsində Azərbaycanın hərbi qulluqçularından dördü şəhid olub, beş nəfər yaralanıb. Düşmən tərəfi isə çoxsaylı itkilər verib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin basqın cəhdinin qarşısı alınıb və qoşunlarımız tərəfindən görülən sərt cavab tədbirləri sayəsində çoxsaylı itkilərə məruz qalan düşmən geri oturdulub. Gecə döyüşlərində isə bölmələrimizin sərrast zərbələri ilə yenə də düşmənin canlı qüvvəsi, dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası məhv edilib. Ermənistanın silahlı qüvvələri bölmələrinin hərbçilərimizə hücum etməsi və qəsdən mülki insanları, yaşayış evlərini hədəfə alması məqsədyönlü xarakter daşıyır. Sərhəddə törədilmiş hərbi təcavüz rəsmi Yerevanın yürütdüyü işğal siyasətinin davamıdır.
“Sülh danışıqlarının aparıldığı bir dövrdə Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələri tərəfindən basqının həyata keçirməsinə, iriçaplı silahlardan, minaatanlardan və digər artilleriya silahlarından atəşlər açmasına, təbii ki, qoşunlarımız adekvat cavab verib. Lakin Ermənistan tərəfinin bu cinayətkar hərəkəti sülh prosesinə kölgə salır. Eyni zamanda, bu, itkilərə də gətirib çıxarır ki, həmin faktları düşmən tərəf nə qədər ustalıqla gizlətməyə çalışsa da, bu, mümkün olmur. İtkilərin artması da öz növbəsində erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olur.
Xüsusi vurğulamaq istərdim ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun səbrini sınamağa cəhd etməsi ona çox baha başa gələcək. Ordumuzun iki gün ərzində həyata keçirdiyi adekvat cəza tədbirləri bunun əyani sübutudur”, - deyə polkovnik bildirib.