İDMAN
Fabio Kapello ispanlara Rusiyada qalacağını bildirmişdir
Bakı, 20 iyun (AZƏRTAC). İspaniya KİV-lərinin yaydığı məlumata görə, məşhur futbol mütəxəssisi Fabio Kapello “Pari Sen-Jermen” (“PSJ”) klubuna mümkün gedişi ilə bağlı informasiya yayılmasına baxmayaraq, futbol üzrə Rusiya yığmasının məşqçisi kimi işləməyə davam edəcəkdir.
Aralıq dənizi sahillərində istirahət edən F.Kapello İspaniyanın “Sportyou.es” portalına qısaca “Mən Rusiyada qalıram” sözlərini demişdir.
“Le Parisien” qəzetinin bu barədə məlumatında deyilir ki, F.Kapellonun oğlu və agenti Pyerfilippo iyunun 19-dan Parisin “PSJ” klubu ilə danışıqlar aparır. Danışıqlarda paytaxt klubunu “PSJ”-nin idman üzrə direktoru Leonardo təmsil edir. Şayiələrə görə, “PSJ”-nin prezidenti, qətərli Nasir əl-Xelaifi onlara qoşulmuşdur.
Xatırladaq ki, Rusiya yığması 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin “F” qrupunda Azərbaycanın rəqibidir.
Daha əvvəl yayılmış məlumata görə, Fransa çempionları F.Kapellonu “PSJ”-nin məşqçisi vəzifəsində həmvətəni Karlo Ançelottini əvəz etməyə razı sala bilmişlər. K.Ançelotti isə Madridin “Real” klubuna başçılıq etməyə yaxındır. F.Kapellonun “PSJ” ilə müqaviləsi bir il müddətinə nəzərdə tutulmuşdur. Rusiya Futbol İttifaqı (RFİ) isə müqavilənin vaxtından əvvəl pozulmasına görə 3 milyon avro kompensasiya alacaqdır.
Hazırda Aralıq dənizində, Siciliyanın cənub-qərbində yerləşən Pantelleriya adasında dincələn 67 yaşlı metr özü isə məğrurcasına susur. Buradan o, Braziliyaya, Konfederasiyalar Kuboku yarışlarına yola düşməyi planlaşdırır.
Xatırladaq ki, F.Kapello 2012-ci ilin iyulunda RFİ ilə müqavilə imzalamışdır. 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə turnirində Rusiya yığması onun rəhbərliyi ilə öz qrupunda ikinci yerdədir. Ehtiyatda iki oyunu olan Rusiya yığması yalnız Portuqaliya yığmasından iki xal geri qalır. Rusiya futbolçuları beş oyunda dörd qələbə qazanmış, bir dəfə məğlubiyyətə uğramışlar.
F.Kapellonun Rusiyadan getmək ehtimalı barədə şayiələr RFİ-ni təlaşa salmışdır. RFİ italiyalı məşqçi ilə mövcud sazişin müddətini ölkənin futbol üzrə dünya çempionatını qəbul edəcəyi 2018-ci ilədək uzatmağa ümid bəsləyirdi. RFİ-nin prezidenti Nikolay Tolstıxın sözlərinə görə, yığmanın məşqçisi işini dəyişdirmək planları barədə ona məlumat verməmişdir. Senyor Fabio Kapello məvacibini vaxtlı-vaxtında alır və hər şeydən razıdır.