DÜNYA
“Facebook” “hava ilə” İnternet çatdırmaq üçün günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatlarından istifadə etmək niyyətindədir
Bakı, 28 mart (AZƏRTAC). “Facebook” sosial şəbəkəsi İnternetin hər yerdə dərhal yayılması üçün pilotsuz uçuş aparatlarından və bir neçə süni peykdən istifadə etmək niyyətindədir.
“Əl-Mühiit” internet portalı ən iri sosial şəbəkənin yaradıcısı Mark Sukerbergin bəyanatındakı bu sözləri sitat gətirir: “Biz İnterneti istifadəçilərə sözün əsl mənasında hava ilə “çatdırmaq” variantları üzərində işləyirik”.
M.Sukerbergin sözlərinə görə, onun şirkətinin məqsədi “İnterneti hərtərəfli və ən qısa müddətdə hər bir insan üçün əlçatan etməkdir”.
“Facebook” yeni layihə üzərində işə ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) ən yaxşı mütəxəssislərini və Britaniyanın aparıcı şirkətlərindən birinin alimlərini cəlb etmişdir. Onlar günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatlarının yeni tipi üzərində işləyəcəklər.