CƏMİYYƏT
Faiq Mütəllimov: Ekoloji fəlakətlə üzləşməmək üçün ətraf mühitin hər bir komponentinin qorunmasına diqqət yetirməliyik

Bakı, 5 iyun, AZƏRTAC
Ətraf mühit dedikdə insanı əhatə edən torpaq, su, hava, günəş şüaları, canlılar nəzərdə tutulur. Ətraf mühitin ayrılmaz tərkib hissəsi olan insan çox güclü təsirə malikdir. Təəssüf ki, insanın təbiəti öz istəklərinə uyğun dəyişdirmə cəhdləri təbiətə olan antropogen təzyiqi getdikcə artıb ki, bu da ətraf mühitin bir sıra komponentlərinə ciddi və nəzərəçarpacaq ziyan vurub. Gələcəkdə ekoloji fəlakətlə üzləşməmək üçün ətraf mühitin hər bir komponentinin qorunmasına diqqət yetirilməli, hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Məhz bu problemə diqqət yetirmək və gələcəyə dair ortaq həll yolları tapmaq üçün bu gün dünyada Ümumdünya Ətraf Mühit Günü qeyd olunur.
AZƏRTAC-ın müxbiri Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovla həmsöhbət olub. Nazirliyin ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlərdən danışan F.Mütəllimov maarifləndirmə xarakterli layihə və aksiyaların da bu sahəyə öz töhfəsini verdiyini bildirib. O, ətraf mühitin bir komponenti olan suya qənaət, ondan səmərəli istifadənin təşviqinə yönəlmiş “Bir damcı” layihəsi barədə məlumat verib. Qeyd olunub ki, su ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayan tədbirlərə dəstək olaraq keçirilən həmin maarifləndirici və təşviqedici kampaniya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb: “Kampaniyanın keçirilməsinin əsas məqsədi su mənbələrinin dəyərinin bilinməsi, sudan qənaətlə istifadə ilə bağlı vərdişlərin aşılanması, onun ötürülməsi və nəticədə vətəndaşların davamlı olaraq su ilə təmin olunmasına fayda verməyin vacibliyini vurğulamaqdan ibarət idi. Kampaniya üç mərhələdə həyata keçirilib. Birinci mərhələ “Biz bir damcı öyrənək” adlanırdı və bu, su ehtiyatları barədə ümumi ilkin məlumatların sadə dildə çatdırılmasından ibarət idi. Eyni zamanda, suyun bizim evimizə hansı yollardan keçərək gəlib çatması, hansı təmizləmə proseslərindən keçməsindən bəhs edildi. Bütün prosesləri göstərməklə su ehtiyatlarını mühafizə etməyimizin vacibliyini diqqətə çatdırdıq. İkinci mərhələ “Biz bir damcı dəyər verək” adlanırdı. Burada daha çox nümunələr göstərməklə sudan qənaətlə istifadəyə çağırışlar etdik və məişətdə, digər sahələrdə israf etdiyimiz su miqdarını konkret nümunələrlə göstərdik, bir sıra düşündürücü suallar qoyduq. Məsələn, sadə nümunə olaraq deyə bilərəm ki, hər səhər diş fırçalayan və ya taraş olan zaman su kranını bağlasaq, qənaət etdiyimiz içməli su bizə bir həftə çatar. Maşın yuyarkən, yararsız hala düşən su kranını təmir etməklə suya nə qədər qənaət edə bilərik kimi suallara cavab tapdıq. Məişətdə bu cür kiçik vərdişlərlə böyük nailiyyətlər əldə edə bilərik. Daha sonra üçüncü mərhələdə, yəni “Biz bir damcı qoruyaq” mərhələsində ümumi qlobal səviyyədə su ehtiyatlarının azalmasının fonunda gələcəkdə qarşılaşa biləcəyimiz problemləri vurğulamaqla su ehtiyatlarımızı qorumaq üçün hansı addımları atmalı olduğumuzu çatdırmağa, hər birimizin üzərinə düşən vəzifələri göstərməyə, aşılamağa çalışdıq. Belə vərdişlərin aşılanması kiçik yaşlardan başlanılarsa, daha effektiv olur. Biz bunu elə şagirdlərə aşılaya bilsək, onlar da öz evlərində bunu tətbiq edəcəklər. Hətta uşaqlar öz valideynlərinə su israfının düzgün olmadığını deyəcəklər. “Bir damcı” kampaniya çox geniş şəkildə təbliğ olundu. Biz düşünürük ki, mesajımızı çox geniş kütləyə çatdıra bildik. Belə layihələr davamlı olacaq. Həmin kampaniya daha çox məişətdə içməli su təchizatında olan su ehtiyatlarının dəyərinin bilinməsinə həsr olunmuşdu. Digər sahələrdə də suyun qənaətlə istifadənin təşviqinə dair maarifləndirmə işləri aparılır. Su ehtiyatlarımızı qorumaq üçün belə kampaniya və layihələr davam etdiriləcək”.