DÜNYA
FAO-nun baş direktoru: Qlobal ərzaq ticarəti sistemini qorumalıyıq
Roma, 8 iyun, AZƏRTAC
Rusiya-Ukrayna gərginliyi və iqlim dəyişikliyi kimi səbəblərdən ərzaq təhlükəsizliyi ilə bağlı şokların şiddəti və tezliyi artıb. Artan gübrə qiymətləri də qlobal miqyasda növbəti məhsul yığımı üçün risk yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 8-də Romada keçirilən Aralıq dənizi ölkələri nazirlərinin ərzaq böhranı üzrə ilk dialoq toplantısından sonra mətbuata açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu deyib.
“Rusiya-Ukrayna gərginliyi fonunda baş verən ərzaq böhranı torpaq və sudan səmərəli istifadəni, kənd təsərrüfatı-ərzaq zəncirinin yaxşılaşdırılması üçün orta və uzunmüddətli tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha ortaya qoydu. Region ölkələri artan qida təhlükəsizliyi risklərini azaltmaq üçün birgə addımlar atmalı və təcili tədbirlər görməlidirlər. Qlobal ərzaq ticarəti sistemini qorumalıyıq”, - deyə baş direktor qeyd edib.
O, qida tullantılarının azaldılmasını, kənd təsərrüfatı istehsalında elmi yanaşmaların mənimsənilməsini və ekoloji cəhətdən təmiz qida zəncirlərinin yaradılmasını tövsiyə edib.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio isə mətbuat konfransında deyib: “Ərzaq böhranının ciddi nəticələrinin olma riski var. Bu, bəzi zəif ölkələrin sabitliyinin pozulması, yeni müharibələrin başlaması və idarə edilməsi çətin olan miqrasiya axını kimi risklər yarada bilər. İtaliya beynəlxalq ictimaiyyətin bu böhrana reaksiyasında öz rolunu oynamaq niyyətindədir. Bu böhrana cavab yalnız kollektiv və çoxtərəfli ola bilər”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma