İQTİSADİYYAT
FARABİ layihəsinin ikinci mərhələsi 2015-ci ilin mayında başa çatacaqdır
Bakı, 8 iyul (AZƏRTAC). Dünya Bankının dəstəyi ilə Maliyyə Nazirliyinin həyata keçirdiyi “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABİ) tətbiqinin ikinci mərhələsi 2015-ci ilin mayında başa çatacaqdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edən FARABİ layihəsi SINAM şirkəti tərəfindən tətbiq olunur. Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır. Layihənin ikinci mərhələsində sistemə 60 büdcə təşkilatı və büdcədən maliyyələşdirilən təşkilatın qoşulması nəzərdə tutulur.
FARABİ sistemi hazırda İKT sahəsində istifadə olunan ən müasir bulud texnologiyası əsasında qurulmuşdur. Proqram təminatının funksionallığı müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir. Sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Eyni zamanda, hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur, məlumatların təhlükəsiz ötürülməsi təmin edilir.