MƏDƏNİYYƏT
Farfordan kuklalar
Noyabrın 5-dən 8-dək Muzey Mərkəzində “Kukla” art-qalereyasının birgə təşkilatçılığı ilə Rusiya Federasiyasından olan görkəmli kukla ustası Aleksandra Kukinovanın “Farfordan kuklalar” sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Aleksandra Kukinova bədii kukla sənətini Rusiyada inkişaf etdirənlərdən biridir.
Aleksandra Kukinova orta məktəbi bitirdikdən sonra A.Çexov adına Moskva Bədii Akademik Teatrın məktəb-studiyasında səhnə qrafikası və teatr kostyumu sənəti üzrə təhsil alıb, incəsənətdə ilk addımlarını teatr rəssamı kimi atıb. O, Rusiyanın müxtəlif səhnələrində 11 tamaşanın rəssamıdır.
Kukla sənəti ilə əvvəlcə hobbi kimi məşğul olan A.Kukinova ilk işlərini boş vaxtlarında düzəldib. Onun böyük təəccübünə baxmayaraq, paytaxtın art-mağazalarına təqdim etdiyi modellər bir neçə günə satılıb və o vaxtdan müəllifi müvəffəqiyyət izləməkdədir.
Onun bütün əsərləri, sıralarında Xildeqard Qyuntsel kimi məşhur alman rəssamı olan kolleksiyaçıların diqqətini cəlb edir.
1989-cu ildə Moskvada “Aleksandra” şirkəti yaradılıb. Şirkətin baş rəssamı və yaradıcısı Aleksandra Kukinovadır. Ötən əsrin 90-cı illərinin əvvəlində isə bu şirkət 100-dən çox rəssamın, heykəltəraşın, dizaynerin, krujevaçı dərzilərin, hətta silah ustalarının cəlb edildiyi mötəbər müəssisəyə çevrilib.
A.Kukinovanın adı nəinki Rusiyanın, hətta Amerika, İtaliya, Almaniya kolleksiyaçıları arasında da məşhurdur. O, kukla bazarının bütün ən böyük operatorları ilə işgüzar əlaqələri dəstəkləyir, ən əhəmiyyətli peşəkar yarmarkalar və sərgilərdə iştirak edir. Rusiya Rəssamlar İttifaqının üzvü olan A.Kukinovanın işləri isə dünyanın ən məşhur kukla muzeylərinin və ekspozisiyalarında nümayiş etdirilir və onların kataloquna daxildir. O, “Meqa Ulduz” - IV Beynəlxalq Kukla Salonu Moskva (2008), “Qrasiya və harmoniya”, “İlin ən yaxşı ənənəvi kuklası”, “Tamaşaçı rəğbəti mükafatı”, “Doll of the Year”, “Doll of excellence”, “Most attractive exhibit”, “DOTY” kimi peşəkar müsabiqələrin laureatıdır.
A.Kukinova milli, tarixi, kübar və teatr kostyumlarla zərif farfora kukla kolleksiyası, həmçinin portret kuklalar hazırlayır. Yüksək keyfiyyətli çinidən hazırlanan kuklaların üz və əlləri əl ilə çəkilir. Nadir modelləşdirmə, çətin və incə obrazlar, səhvsiz iş bu kuklaları təkrarolunmaz bədii sənət nümunəsinə çevirir. Kostyumlar isə təbii ipək və krujevadan hazırlanır. Bu əsərlərdə həmçinin əl ilə qoyulan naxışlardan, applikasiyalardan, daş-qaşlardan və muncuqdan geniş istifadə edilir.