MƏDƏNİYYƏT
Fəridə Hacıyevanın 60 illik yubileyi qeyd edilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-in üzvü, şair Fəridə Hacıyevanın 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AYB-in katibi, Xalq Şairi Fikrət Qoca Fəridə Hacıyevanı yubileyi münasibəti ilə təbrik etmiş, yaradıcılığında uğurlar arzulamışdır.
Çıxış edənlər ədəbiyyata 1979-cu ildə dərc olunmuş “Söylə gülüm” şeiri ilə gələn Fəridə Hacıyevanın zərif duyğulu şair kimi həmişə oxucular tərəfindən rəğbətlə qarşılandığını bildirmişlər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Unudulmuş yurd yeri”, “Ümid çırağı”, “Gül açan xatirələr” pyeslərini şairin yaradıcılığında böyük bir uğur kimi dəyərləndirmişlər
Bir-birinin ardınca “Ulduzlardan pay istərəm”, “Dünyama qovuşacağam” və s. 6 şeir kitabının və bir tərcümə kitabının müəllifi olan F.Hacıyevanın bədii sözün işığında təkcə ölkəmizdə deyil, dünya xalqlarının mətbuatında da tanındığı vurğulanmışdır.
Türkiyədə, Rumuıniyada şairin yaradıcılığına xüsusi qiymət verilmiş, əsərləri tərcümə olunaraq həmin ölkələrin ədəbi aləmində tanınmışdır. Şairin şeirləri Rumıniyada çıxan “Qara dəniz”, “Haqqın səsi”, “Gənc nəsil” qəzetlərində dəfələrlə dərc edilmişdir. Eləcə də qardaş türk mətbuatında F.Hacıyevanın əsərləri dərc olunmuş, türk oxucusunun və elm, sənət adamlarının rəğbətini qazanmışdır.
Tədbirdə şairin şeirlərindən nümunələr oxunmuşdur.
Sonda Fəridə Hacıyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.