REGİONLAR
Fermerlərin satış problemi həll olunur
Bakı, 12 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 11-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fermerlərin öz məhsullarını sata bilmələri üçün böyük imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək.
“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” Qaydası isə ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq. Bu barədə də danışan M.Hacıyev deyib: “Dövlətimizin başçısının 2016-cı il 11 aprel tarixində imzaladığı Fərmanla təsdiqlənən “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” Qaydası və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək.”
O bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədilə ilə imzalanan fərman və sərəncamların icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə təlimatlar verilib.