REGİONLAR
Fermerlərlə görüşdə taxılçılıqda məhsuldarlıq məsələləri geniş müzakirə olunub
İsmayıllı, 5 iyul, AZƏRTAC
İsmayıllıda rayon kənd təsərrüfatı idarəsinin təşkilatçılığı və “Park Aqro” MMC-nin dəstəyi ilə taxılçılıqda məhsuldarlığın artırılması, biçində texniki vasitələrdən düzgün və səmərəli istifadə edilməsi məsələlərinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Talıstan kəndi ərazisində fermerə məxsus taxıl sahəsində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, “Park Aqro” MMC-nin nümayəndələri, Almaniyanın “Claas” şirkətinin təmsilçisi və yerli mütəxəssislər, taxılçılıqla məşğul olan fermerlər və mexanizatorlar iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, aqrar sektorda, o cümlədən mühüm strateji məhsul olan taxılçılıqda məhsuldarlığın artırılması bu gün olduqca zəruri bir məsələdir və təsadüfi deyildir ki, Prezident İlham Əliyev bununla əlaqədar qarşıya konkret vəzifələr qoyub. Əlbəttə, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, sahələrin hazırlanmasında, əkin və becərmə işlərində zəruri aqrotexniki tədbirlərin aparılması məhsuldarlıq üçün xüsusi önəm kəsb edir. Bununla yanaşı, ağır zəhmət bahasına yetişdirilən məhsulun vaxtında və itkisiz yığılması, bu zaman texniki vasitələrdən, xüsusən kombaynlardan düzgün istifadə də çox vacibdir.
Mexanizatorların peşəkarlığı, xarici ölkələrdən alınan kombaynların biçin üçün düzgün nizamlanması məhsulun itkisiz yığılmasında mühüm rol oynayır və məhsuldarlıq göstəricisinə təsir edən amillərdəndir.
Tədbirdə “Claas” şirkətindən olan mütəxəssis Henn Bernd şirkətin istehsalı olan kombaynın biçinin vaxtına, hava şəraitinə, sahənin vəziyyətinə, taxılın növlərinə görə nizamlanması, ümumən kombaynlardan istifadə imkanları barədə ətraflı izahat verib, mexanizatorları maraqlandıran sualları cavablandırıb.