CƏMİYYƏT
Festivalın velosiped yarışları ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdiriləcək
Bakı, 23 iyul, AZƏRTAC
“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının velosiped yarışlarının keçirilməsi ilə əlaqədar bu gündən paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar iyulun 23-də saat 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü kilometrindən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Eyni zamanda, iyulun 24-də və 25-də əsas yarışların keçirilməsi ilə əlaqədar Azneft dairəsindən başlayaraq Saylan şosesinin 14-cü kilometrinə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülər alternativ yol kimi 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və yaxud Yasamal rayonu ərazisindəki yollarla hərəkət edə bilərlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.